22.09.2016

Təhsil müəssisələrində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirlər təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində  21 sentyabr - “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.

“Beynəlxalq Sülh Günü”nə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq,  bədii estetik səviyyələrini yüksəltmək,  insanpərvərlik, sülhsevərlik hisslərini gücləndirmək məqsədilə  təşkil olunan  disput, “dəyirmi masa”,  oxucular konfransı,  ədəbi-bədii kompozisiya  və sərgilərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşlarının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər.

Məktəblilərə ölkəmizdə  ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən, “Sülh aylığı”nın mahiyyəti,  Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilmişdir.

Tədbirlərdə səmərəli fikir mübadiləsi aparılmış, iştirakçıların sualları ətraflı cavablandırılmışdır.        

Rəsm əsərlərindən təşkil olunmuş sərgilərdə gənc istedadların sülh və azadlıq ideyalarına həsr edilmiş əl işləri  nümayiş olunmuşdur.