22.09.2016

Hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində seminar təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Milli Avtomobil Klubunun (AMAK)  təşkilatçılığı ilə 31, 32, 46, 164, 258 nömrəli tam orta məktəblərdə  yol hərəkəti təhlükəsizliyi  layihəsinə  start verilib.

Layihə çərçivəsində ilkin  mərhələdə Bakı şəhərinin qeyd olunan 5  məktəbində   müəllim  heyəti  və 6-14 yaşlı şagirdlər üçün  yol hərəkəti təhlükəsizliyi üzrə təlimlər təşkil edilib.   

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət  göstərən 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Yollarda ölümsüz bir gün!” devizi altında maarifləndirici seminar keçirilib. Seminarda 31, 32, 46, 164, 258 nömrəli  tam orta  məktəblərin müəllimləri və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Vüsal Nağıyev iştirak etmişdir.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin   07 sentyabr 2016-cı il tarixli G 971 №-li sərəncamı ilə respublika ərazisində 2016-cı il sentyabr ayının 10-dan oktyabr ayının 10-dək hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Seminar  iştirakçılarına bu  aylığın keçirilməsinin məqsədi izah olunmuş,  yol təhlükəsizliyinin tədrisinə aid təqdimat nümayiş etdirilmiş, aylığın proqramı, aylıq ərzində həyata keçiriləcək işlər müzakirə edilmişdir. İştirakçı müəllimlərə “Yol təhlükəsizliyi tədris paketi” paylanılmış, sonda seminarla bağlı sorğu keçirilmişdir. Sorğunun nəticəsində məlum oldu ki, əksər müəllimlər belə seminarların tez-tez keçirilməsinin tərəfdarıdır.

Layihənin davamı olaraq  müəllim və şagirdləri həvəsləndirmək məqsədilə  məktəblərarası yarışların  təşkil edilməsi, qalib məktəblərə  sertifikatların, hər məktəbdən seçilmiş  şagirdlərə  “AMAK Yol Hərəkəti Təhlükəsizliyi Elçiləri” titulunun  verilməsi, layihənin davamlılığını   təmin etmək üçün  gələcəkdə məktəblərdə AMAK-ın dəstəyi ilə Yol Hərəkəti  Təhlükəsizliyi  Klublarının  yaradılması  planlaşdırılır. 


Açar sözlər: ,