22.09.2016

Müstəqil Dövlətlər Birliyinin 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib

22 sentyabr 2016 – cı il tarixində Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı məktəbdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib.

Tədbirdə Rusiyanın Azərbaycandakı Səfirliyinin I katibi Kannov Aleksey Valentinoviç,  səfirliyin Mədəniyyət üzrə attaşesi Orlova Oksana, Rusiya Mədəniyyət İnformasiya Mərkəzinin rəhbəri Yakunina Lyubov Tinofenski, Tacikistanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət üzrə attaşesi Süleyman Sulexjon, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

               Tədbir başlamazdan əvvəl istedadlı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Tahirə Şükürova iştirakçıları salamladıqdan sonra dərsin MDB – nin Hökümət Başçıları Şurası ilə razılaşdırılmış tədbirlər planı əsasında keçirildiyini bildirib.

Tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi Gülnarə Tanrıverdiyeva çıxış edərək qeyd edib ki, dərsin formatı vahid dərs olduğu üçün tədbir MDB – yə daxil olan dövlətlərin qrup formasında təqdimatından ibarətdir.

Tədbirdə hər qrup təmsil etdiyi ölkə haqqında məlumat verib, onun tarixindən və mədəniyyətindən geniş söhbət açıb. Bundan başqa, istedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, milli rəqslərimizlə yanaşı, MDB – yə daxil olan digər ölkələrin (Rusiya, Tacikistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Türkmənistan, Ukrayna) musiqi nömrələri də ifa olunub.

Tədbir Azərbaycanın milli rəqsi olan "Yallı" ilə yekunlaşıb.


Açar sözlər: ,  ,