05.10.2016

Müəllimlər gününüz mübarək!

Müəllim adı həmişə vətənə sevgi, millətə bağlılıq, aydın gələcək, insanpərvərlik və fədakarlıq anlayışları ilə birgə xatırlanır. Gələcəyimiz olan uşaqların əsl vətəndaş kimi yetişməsində və təlim-tərbiyəsi işində əsas yük müəllimlərin üzərinə düşür.

Bütün peşələr gərəkli və faydalıdır. Lakin cəmiyyətin gələcəyi və ölkənin sabahı müəllimin yetişdirdiyi insandan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir.

Müstəqilliyinin 25-ci ildönümü ərəfəsində olan ölkəmizin gələcəyinin daha möhkəm təməllər üzərində qurulmasında müəllimlərin müstəsna əməyi vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə qayğısı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti biz təhsil işçilərini Azərbaycan xalqı və dövlətinə xidmət yolunda daha da ruhlandırır.

Təhsil məhz müəllimin müqəddəs fəaliyyətinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət–ənənələrin daşıyıcısı olan yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə ən şərəfli peşə hesab olunub, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.

Ölkəmizdə müəllimlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının prioritet istiqamətlərindən biri adlandıran ölkə Prezidentinin imzaladığı sərəncamlarla bu il də 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir qrup təhsil işçisi fəxri ada və dövlət təltiflərinə layiq görülüb.

Əziz müəllimlər! Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Beynəlxalq Müəllimlər Günü münasibəti ilə hər birinizi təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq!


Açar sözlər: