06.10.2016

“75 məktəb layihəsi”nin təqdimat mərasimi 

Oktyabrın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəb direktorlarının iştirakı ilə “75 məktəb layihəsi”nin təqdimat mərasimi keçirilib.

Tədbirdə BŞTİ tərəfindən 2014-2015-ci tədris ilinin IX sinif buraxılış imtahanının nəticələri əsasında müəyyən edilmiş məktəblərin cari tədris ilində göstərdiyi nəticələr təhlil olunub.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək məsələnin aktuallığından danışıb, layihədə iştirak edən məktəblərdə tədris nailiyyətləri baxımından əldə edilmiş nəticələrdən, qarşıda duran vəzifələrdən bəhs edib və ümumi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələrini verib.

BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova layihənin formatı, hədəf qrupları, layihə çərçivəsində aparılan fəaliyyət istiqamətləri barədə danışıb və bir sıra məktəblər üzrə statistik göstəriciləri nəzərə çatdırıb.

Qeyd edək ki, pilot layihəyə əsasən, ilk mərhələdə Bakının 12 inzibati rayonunun hər biri təmsil olunmaqla IX siniflər üzrə şagird sayı çox, keyfiyyət göstəriciləri isə aşağı olan 35 məktəb müəyyənləşdirilib.

Layihə çərçivəsində “Ana dili” və “Riyaziyyat” fənlərini tədris edən müəllimlər, IX sinif  şagirdləri və onların valideynlərindən ibarət hədəf qrupları ilə görüşlər keçirilib, məktəblərin keyfiyyət göstəriciləri araşdırılıb və onlarla iş aparılıb.

Bununla yanaşı, IX sinif şagirdlərinin “Ana dili” və “Riyaziyyat” fənlərindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə paytaxtın bütün məktəblərinə qiymətləndirmə materialları göndərilib.

Tədbirdə, həmçinin layihənin builki  fəaliyyət istiqamətləri və hədəfləri müzakirə edilib,  layihəyə bu tədris ilində cəlb edilən 40 məktəbin təqdimatı olub.

Əldə olunmuş müsbət nəticə əsas götürülərək bu tədris ilindən ümumilikdə, 75 məktəb rəhbəri, 913 müəllim, 4230 valideyn və 4230 şagird layihənin iştirakçısı sırasına daxil edilib.


Açar sözlər: ,  ,  ,