08.10.2016

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul müsabiqəsi keçirilib

Oktyabrın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib.

42 nömrəli tam orta məktəbdə təşkil olunan müsabiqəyə qatılan şəxslər ixtisaslarına dair 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırıblar. Qeydiyyatdan keçmiş 102 nəfər namizəddən 81-i müsabiqədə iştirak edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda (istefada) olan zabitlər işləyə bilərlər.

Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları və tabelik üzrə təhsili idarəetmə orqanı ilə razılaşdırılmaqla, müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

Bakı şəhərindəki ümumi təhsil müəssiələrinə  gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müraciətlərin çoxluğu nəzərə alınaraq, eyni zamanda işə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsi məqsədilə, BŞTİ tərəfindən 2016-2017-ci tədris ili üçün müvafiq vəzifəyə qəbulla əlaqədar müraciət edən şəxslər sırasından namizədlərin müsabiqə əsasında seçilərək işə qəbuluna razılıq verilməsi məqsədəuyğun hesab edilib.

Müsabiqədə göstərdiyi nəticə nəzərə alınaraq, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanının yazılı razılığı təqdim edildikdən sonra namizədin işə qəbuluna BŞTİ tərəfindən müvafiq razılıq veriləcək.


Açar sözlər: ,  ,