10.10.2016

Beynəlxalq Ahıllar Günü qeyd olunub

Bakı şəhəri 221 nömrəli tam orta məktəb oktyabrın 1-də - Beynəlxalq Ahıllar Günündə qonaqlı-qaralı idi. Məktəbin budəfəki qonaqları ağsaqqallar və ahıllar idi. Təhsil ocağının 3 “b” sinfi Ahıllar Günündə öz ağsaqqal və ağbirçəklərinə böyük bir töhfə - bayram tədbiri hazırlamışdı.

Məlum olduğu kimi, BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Ölkəmizdə də qeyd olunan bu gün əsasən yaşlılara və ahıllara qayğının daha da artırılması, onlara müxtəlif yardımların edilməsi ilə yadda qalır. Məktəbin 3 “b” sinfinin şagirdləri isə bu dəfə həmin günə bir az fərqli yanaşmışdılar.

Onlar öz nənə və babalarını tədbirə dəvət etmişdilər.
          Tədbiri giriş sözü ilə təhsil ocağının direktoru, əməkdar müəllim Fikrət Xəlilov açaraq Azərbaycanda ağsaqqal, ağbirçək sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri olduğunu bildirib. Qeyd olunub ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə xeyir-dua və məsləhətlər veriblər, düzgün yol göstəriblər. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu, gənc nəslə ötürücüləridir. Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuş, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Ahıllara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan direktor çıxışının sonunda tədbirə dəvət olunmuş bütün yaşlıları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzuladı. 

Sonra söz balacalara verildi. Şagirdlərin hazırladıqları bütün mahnılar, şeirlər nənə və babalarına həsr olunmuşdu. Məktəblilər yaşlılara olan sevgilərini, diqqət və qayğılarını öz ifalarındakı şeir və mahnılarda göstərməyə çalışırdılar. Şagirdlər çıxışlarında nənə və babalarının ata və anaları kimi onların qayğısına qaldığını vurğuladılar. Nənə - baba üçün bundan böyük diqqət ola bilməzdi. Bütün tədbir boyu ahıllar sanki başqa bir aləmdə idilər. Onlara verilən dəyərdən, bu böyük sevgidən ruhlandıqları aydın sezilirdi. 

Şagirdlər tədbirin keçirilməsində böyük zəhməti olan müəllimləri Zülfiyyə Qənbərovaya da minnətdarlıqlarını bildirdilər. 

Ahıllar adından Arif Nağıyev çıxış edərək təhsil ocağında milli-mənəvi dəyərlərimizin yaşadılması və böyüməkdə olan gənc nəslə çatdırılması işinə diqqətlə yanaşılmasının təqdirəlayiq olduğunu deyərək belə bir yüksək səviyyədə tədbir təşkil etdiklərinə görə məktəbin direktoru Fikrət Xəlilova, balacaların müəllimi Zülfiyyə Qənbərovaya təşəkkürünü çatdırdı.

               Tədbirin sonunda ahıllara hədiyyələr verildi və onlarla xatirə şəkli çəkdirildi. 

 

Xatirə Xəlilova

“Azərbaycan müəllimi”