10.10.2016

Təhsil işçiləri ölkə Prezidentinə minnətdarlıq edirlər

Nüqbar Qayıblı, Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi

1955-ci ildə Şamaxı rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra Şamaxı rayonunda pedaqoji fəaliyyətə başlamışam. İşlədiyim müddətdə bir çox uğurlarım olub. 2003, 2004, 2005-ci illərdə “İlin ən yaxşı müəllimi” olmuşam. Bir sıra beynəlxalq konfansların iştirakçısıyam. Pedaqoji mətbuatda xeyli yazım dərc olunub. 2010-cu ildə “Tərəqqi” medalı almışam. 2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Bu il isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. 

Beynəlxalq Müəllimlər Günü neçə illərdir ki, müstəqil ölkəmizdə təntənəli şəkildə bayram edilir. Bu münasibətlə bir sıra təhsil işçiləri təhsilin cəmiyyətdəki mühüm rolunu, müəllimin şərəfli əməyini yüksək qiymətləndirən möhtərəm Prezidentimiz tərəfindən fəxri adlarla, orden və medallarla təltif olunur. Təhsilimizə, təhsil işçilərinə göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm.
Məktəb mənim həyatımın bir parçasıdır. Pedaqoji fəaliyyətimin ilk vaxtlarından bir müəllim kimi həmişə şagirdləri düşünməyə, axtarışa sövq edib, onların təfəkkürünə yol açmağa çalışmışam. 

Düşünürəm ki, bu fəxri ad mənim həyatımın, müəllimlik fəaliyyətimin ən yüksək zirvəsidir. Bir müəllim kimi bu zirvəyə gəlib çatdığım üçün özümü çox xöşbəxt hiss edirəm. Fəxri adı almaq xəbərini mənə illər öncə çiyin-çiyinə çalışdığım müəllim yoldaşım dedi. Həmin anda keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. İlk sevincimi məktəbimizin direktoru Sədaqət müəllim ilə bölüşdüm. Az sonra müəllim yoldaşlarımın çoxlu sayda təbrik zəngləri gəldi.

Mənim bu səviyyəyə gəlib çatmağımda məktəb rəhbərliyinin, pedaqoji kollektivin rolu danılmazdı. Məktəbimizdə sağlam pedaqoji mühit yaradılıb ki, biz müəllimlər də bu mühitdən səmərəli şəkildə istifadə edirik. Fürsətdən istifadə edib gənc müəllimlərə daim axtarışda olmağı, öz üzərlərində çox çalışmağı tövsiyə edirəm. 

 


Kəmalə Əncümənnur, Bakı şəhəri, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tədris işləri üzrə direktor müavini

- Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirdikdən sonra 1980-ci ildən təhsil sahəsində çalışıram. On ildən çoxdur ki, Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyirəm. Fəxarət hissi keçirirəm ki, ömrümün çoxunu təhsilə, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə həsr etmişəm. Bu illər ərzində pedaqoji fəaliyyətimdə qazandığım nailiyyətlərə görə müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən çoxlu sayda diplom və fəxri fərmanlara layiq görülmüşəm.

Belə ki, 1998-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsilin humanistləşdirilməsi baxımından təlim-tərbiyə prosesinin diferensiallaşdırılması və fərdiləşdirilməsi ili” çərçivəsində keçirdiyi müsabiqədə “İlin ən yaxşı metodisti” adına layiq görülmüş və II dərəcəli diplom almışam. Moskva şəhərində keçirilən toplantıda, Vladivostokda yerləşən “Okean” Ümumittifaq Uşaq Düşərgəsində, Ukraynada “Artek” Beynəlxalq Uşaq Düşərgəsində keçirilən toplantıda Azərbaycan gəncləri adından fəal iştirak etmişəm. 2012-ci ildə Türkiyə Respublikasında keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi ilə birgə iştirak etmişəm. 2014-cü ildə Türkiyənin İstanbul şəhərində “Spektrum of Education III - Creativity” başlığı altında keçirilən beynəlxalq konfransda Azərbaycanı layiqincə təmsil etmişəm. Bu müsabiqə və yarışlarda çoxlu sayda mükafatlar əldə etmişəm. Mənim üçün ən böyük mükafat isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə layiq görüldüyüm “Tərəqqi” medalıdır. Doğrudur, bu mənim üçün gözlənilməz oldu. Xəbəri mərkəzimizin direktoru Lalə Qəti mənə çatdıranda sevincdən göz yaşlarımı saxlaya bilmədim. Bu sevinci mənə bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

 


Dahid Cəfərov,  Bakı şəhəri 201 nömrəli tam orta məktəbin tarix müəllimi

- 1992-ci ildən müəllimlik fəaliyyətinə başlamışam. Mənim bir müəllim kimi uğurlarım və yüksəlişim təhsildə aparılan islahatlar dövrünə təsadüf edir. Nəzərə çatdırım ki, 2002 və 2004-cü illərdə “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqələrində I yeri tutdum. Yaradıcı bir müəllim kimi daim öz üzərimdə çalışaraq yeni təlim metodlarına yiyələndim.

Təhsildə göstərdiyim yüksək nailiyyətlərə görə 1 sentyabr 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olundum. 2010-2011-ci tədris ilində isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldum. Uğurlarımın məntiqi nəticəsi olaraq, 2016-cı ildə respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adını aldım. 

Həyatda o insan xoşbəxtdir ki, qarşısına layiqli insanlar çıxmış və bir iz qoymuşdur. Mənim ilk uğurlarımdan biri, sözün əsl mənasında, gözəl insan olan layiqli müəllimlərin qarşıma çıxması olmuşdur. İstər orta məktəbdə, istərsə də ali məktəbdə oxuyarkən müəllimlərin mənə böyük köməyi olmuşdur. Hazırda işlədiyim 201 nömrəli tam orta məktəbdəki müəllim kollektivini, başda gözəl insan və ilk müəllimlərimdən biri olan direktorumuz Süsən Salmanovanı xüsusilə qeyd etmək istərdim. Bu baxımdan müəllimlərimə borcluyam. Mən hər zaman şərəfli müəllimlik sənətinin sirlərinə yiyələnməyə çalışmışam. Fürsətdən istifadə edərək 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllim adını şərəflə daşıyan hər kəsi, o cümlədən müəllimlərimi təbrik edirəm. Bayramınız mübarək, əziz müəllimlər. Bu şərəfli və məsuliyyətli peşənizdə sizə bol-bol uğurlar arzulayıram.

 


Gülnar Bayramova, Bakı şəhəri 246 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

- Ailədə 7 uşaq olmuşuq. İxtisasca mühasib işləyən atam müəllimlik peşəsinə həmişə çox böyük önəm verirdi. Məndən böyük bacı-qardaşlarımın müəllimlik peşəsinə yiyələnməsi məni 1974-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) gətirdi. 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək qısa bir zaman kəsiyində Bakıdakı 10 saylı texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başladım.1983-cü ildən bu günə kimi isə Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə ixtisasım üzrə müəllim işləyirəm.

Xüsusilə qeyd edim ki, 246 nömrəli məktəb mənə çox doğmadır. Əvvəla, ona görə ki, mən bu məktəbin ilk məzunlarındanam, övladlarım da bu məktəbin yetirmələridir. Bir də buranı özümə ona görə doğma hesab edirəm ki, işlədiyim illər uzunu özümü həmişə mehriban bir ocaqda, ailədə sanmışam. İstər rəhbərlik, istərsə də həmkarlarım tərəfindən həmişə diqqət və qayğı görmüşəm.

Uzun illər məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri, 2003-cü ildə Binəqədi Rayon Təhsil Şöbəsində ştatdankənar metodist kimi fəaliyyət göstərmişəm. Dəfələrlə rayon və şəhər miqyasında “açıq dərs”lər keçirmiş, məktəbdə təşkil edilmiş müxtəlif konfranslarda məruzələrlə çıxış etmişəm. Məktəb və rayon miqyaslı tədbirlərin, şair və yazıçılarla görüşlərin təşkilatçısı olmuşam.

Fəaliyyətim layiqincə qiymətləndirilib. 1988-ci ildə “Baş müəllim” adına, 2009-cu ildə isə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşəm. Bu günlər isə xüsusi sevinc içərisindəyəm. Pedaqoji fəaliyyətdə əldə etdiyim uğurlara görə ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Hesab edirəm ki, bu, təkcə mənim yox, bütün məktəb kollektivimizin əməyinə verilən layiqli qiymətdir. Bu diqqətə, bu qiymətə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

 

Hazırladılar: Y.ƏLİYEV, N.RƏHİMOV, 
“Azərbaycan müəllimi”

 


Açar sözlər: ,