17.10.2016

Tam orta məktəblərdə təmayülləşmənin tətbiqi bizə nə vəd edir?

Artıq 2-ci ildir ki, Təhsil Nazirliyi tərəfindən bir sıra məktəblərdə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə əlaqədar pilot layihə həyata keçirilir. Qeyd edək ki, ötən tədris ilində pilot layihənin həyata keçirildiyi məktəblərdə yüksək nəticələr əldə edilmişdir. Belə ki, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunmuşdur. Şagirdlərin repetitor xidmətindən istifadə hallarının azalması, əlavə vaxt itkisinin olmaması kimi hallar tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunduğu məktəblərin valideynləri tərəfindən də razılıqla qarşılanmışdır. Təmayüllər üzrə pilot məktəblərdə görülən işlərlə yaxından tanış olmaq, məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin layihə haqqında fikirlərini öyrənmək məqsədilə paytaxtın bir sıra orta ümumi təhsil müəssisələrində olduq, onlarla söhbətləşdik.

 

Şagirdlərimizin 10 nəfərə yaxınının 600-dən çox bal toplayacağına ümid edirik

 

Natəvan Əsədova, 3 nömrəli tam orta məktəbin direktoru: - Məktəbimizdə 22 nəfərdən ibarət təmayül sinif mövcuddur. Keçən il sinfi formalaşdırarkən valideynlər və şagirdlər arasında maarifləndirmə işi apardıq. Anket və sorğular vasitəsilə şagirdlərin maraqlarını nəzərə alaraq təmayül sinfi yaratdıq. Düzdür, əvvəllər valideynlərin bu siniflərə inamı az idi. Onlar risk etmək istəmirdilər. Düşünürdülər ki, övladları məktəbdə keçirilən dərslərlə ali məktəbə qəbul ola bilməyəcəklər. Lakin zaman keçdikcə sınaq imtahanlarındakı nəticələr onları fikirlərindən daşındırdı. Valideynlərin məktəbə inamı artdı. 

Bizim məktəbdə olan təmayül sinifdə riyaziyyat fənnini mən tədris edirəm. Prosesdə birbaşa iştirak etdiyim üçün əminliklə deyə bilərəm ki, dərslərimiz çox səmərəli keçir. Təmayül sinifdə təhsil alan şagirdlərimizin 10 nəfərə yaxınının 600-dən çox bal toplayacağına ümid edirik. Bu fikri deməyə şagirdlərin sınaq imtahanlarında göstərdiyi nəticələr bizə əsas verir.

 

Təmayülləşmə ilə bağlı imzalanan əmri inqilabi bir addım hesab edirəm

Telman Qardaşov, 171 nömrəli tam orta məktəbin direktoru: - Təhsil naziri Mikayıl Cabbarovun təmayülləşmə ilə bağlı imzaladığı əmri inqilabi bir addım hesab edirəm. Bilirsiniz, təhsil, ümumiyyətlə, xüsusi bir sahədir. Burada əsas məsələlərdən biri də şagirdlərin meyil və marağının nəzərdə tutulmasıdır. Təmayülləşmənin əsas prinsiplərindən biri məhz bundan ibarətdir. Bu baxımdan düşünürəm ki, təmayülləşmə gələcəkdə respublikamızda orta ümumi təhsilin inkişafına böyük töhfə verəcək. Məktəbimizin pilot layihədə iştirakını bildikdən sonra valideynlər və şagirdlərlə geniş müzakirələr apardıq. Onlara sorğu anketləri göndərdik və bu anketlərdəki marağa görə sinfi formalaşdırdıq. Çox fərəhləndirici haldır ki, qonşu məktəblərin şagirdləri də məhz təmayül siniflərdə təhsil almaq məqsədilə məktəbimizə müraciət etmişlər. 

 

Digər sinfin şagirdləri, sözün yaxşı mənasında, təmayül sinfə qibtə edirlər

 

Səxavət Məmmədov, 287 nömrəli “Zəkalar” liseyinin riyaziyyat müəllimi: - Təmayül sinifdə həftədə 9 saat dərs deyirəm. Şagirdlər dərslərə çox ciddi yanaşırlar. Keçən ildən indiyə qədər proqram üzrə dərslər keçirik. Şagirdlərin dərslərə davamiyyəti də yaxşıdır. Uşaqlar yaxşı başa düşürlər ki, dərs buraxanda geriyə düşürlər. Ona görə də dərslərdə mütəmadi olaraq iştirak edirlər. Digər sinfin şagirdləri, sözün yaxşı mənasında, təmayül sinfə qibtə edirlər. Şagirdlərin sınaq imtahanlarındakı göstəriciləri də təmayüllü siniflərin nə qədər səmərəli olduğunu bir daha sübut edir.

 

Şagirdlərimizin dərslərdə fəallığı müşahidə olunur

 

Salam Məmmədov, 62 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi: - İki ildir ki, təmayül siniflərdə dərs deyirəm. Ötən illərdəki buraxılış siniflərindən fərqli olaraq bu sinifdə uşaqlar dərslərə daha ciddi yanaşırlar. Həm şagirdlər, həm də valideynlər artıq yaxşı başa düşürlər ki, repetitor yanına getmədən, sinifdə keçilən dərslərlə ali məktəbə qəbul olmaq mümkündür. Şagirdlərimizin dərslərdə fəallığı müşahidə olunur. Ən vacibi isə vaxt itkisi ilə üzləşmirlər. Pilot layihənin gələcəkdə daha da təkmilləşərək səmərəli olacağını düşünürəm.

 

Təmayül siniflərin məktəblərdə daha çox olmasını arzulayıram

 

Ceyran Səfərova, 62 nömrəli məktəb-liseyin XI sinif şagirdi: - Ötən tədris ilindən başlayaraq məktəbimizdə təmayül siniflər formalaşıb. Sinfimiz texniki fənlər təmayüllüdür. Həftədə 9 saat riyaziyyat, 5 saat fizika, 4 saat kimya, 4 saat isə xarici dil tədris olunur. Digər fənlər həftədə 1 və ya 2 saat olur. Hər gün 6 saat dərs keçirik. Vaxtımızdan çox səmərəli istifadə edirik. Müəllimlərimiz bizimlə çox ciddi məşğul olur. Düşünürəm ki, bütün bunların nəticəsidir ki, sınaq imtahanlarında yaxşı nəticələr göstəririk. Təmayül siniflərin məktəblərdə daha çox olmasını arzulayıram. Məncə, belə siniflərin çox olması şagirdlərin yuxarı siniflərdə asudə vaxtlarının çox olmasına, valideynlərin isə pullarına qənaət etməsinə səbəb olar. 

 

Eşidəndə ki, yaxınlıqdakı məktəbdə təmayül siniflər açılıb, məktəbimi dəyişdim

 

Sona Hacıyeva, 171 nömrəli tam orta məktəbin XI sinif şagirdi: - Pilot layihəni bir şagird olaraq yüksək qiymətləndirirəm. Çox səmərəli dərslərimiz keçir. Nəzərinizə çatdırım ki, mən başqa məktəbdə təhsil alırdım. Eşidəndə ki, burada belə təmayüllü siniflər formalışır, valideynlərimlə məsləhətləşib məktəbimi dəyişmək qərarına gəldik. Ali məktəbə hazırlığımı demək olar ki, məktəbdə həyata keçirirəm. Yalnız bir fəndən repetitor yanına gedirəm. Məktəbimizdəki təmayül olmayan siniflərin şagirdləri ilə söhbətlərimizdən məlum olur ki, onlar çox yorulurlar. Demək olar ki, vaxt baxımından əziyyət çəkirlər. Bizim isə dərslərimizi hazırlamaqla bərabər asudə vaxtımız da olur. 

 

Məktəbdə vaxtımızı yalnız ixtisas üzrə fənlərə ayırırıq

 

Elmar Xəlilov, 3 nömrəli məktəbin XI sinif şagirdi: - Pilot layihədən çox razıyam. Ona görə ki, məktəbdə yalnız bizə lazım olan fənləri keçirlər. Sinfimiz riyaziyyat-iqtisadiyyat təmayüllüdür. İkinci qrupa hazırlaşırıq. Məktəbdə vaxtımızı yalnız ixtisas üzrə fənlərə ayırırıq. Artıq kimya, fizika kimi fənlər bizim sinifdə tədris olunmur. Bu fənlər tədris olunsa idi, məcbur idik ki, həmin fənləri də öyrənək. Düşünürəm ki, bu fənlərə ayırdığımız vaxtı seçdiyimiz ixtisas fənlərinə ayırmaqla səmərəliliyi daha da artırırıq. Bu baxımdan deyə bilərəm ki, məktəbdə vaxtımız çox səmərəli keçir. 

 

Artıq repetitor yanına getməyə ehtiyac qalmayacaq

 

Yusifəli Sadıqov, 287 nömrəli “Zəkalar” liseyinin XI sinif şagirdi: - İkinci ildir ki, təmayül sinifdə təhsil alıram. Layihəni çox yüksək qiymətləndirirəm. Keçən il layihə haqqında müəllimlər bizə məlumat verəndə çox sevindim. Evdə valideynlərimlə məsləhətləşdikdən sonra ərizə ilə məktəb rəhbərliyinə müraciət etdim. Müraciətimə müsbət cavab verildi və mən təmayüllü sinfə daxil oldum. Hazırda sistemli şəkildə dərslər keçirik. Yüksək ixtisaslı müəllimlər bizə dərs deyir. Ən əsası odur ki, dərs vaxtından səmərəli istifadə edirk. Vaxt itkisi ilə qarşılaşmırıq. Dərslərimizi məktəbdə rahat şəkildə öyrənirik. Düşünürəm ki, gələcəkdə artıq repetitor yanına getməyə ehtiyac qalmayacaq.

 

 

Niyazi Rəhimov

  “Azərbaycan müəllimi”

 


Açar sözlər: ,  ,