17.10.2016

Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 17-də  Bakıdakı 1  nömrəli tam  orta məktəbdə Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” adlı bayram tədbiri keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin əməkdaşları, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etmək məqsədilə təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə əldə olunmuş uğurlardan danışan idarə müdiri, təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən söhbət açıb.

Azərbaycanın inkişaf strategiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan M.Vəliyeva bu yolun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. BŞTİ-nin müdiri Azərbaycanın hərtərəfli inkişafında, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətləri olduğunu nəzərə çatdırıb.

Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu ehtiramla yad edilib.

Vətənpərvərlik mövzusunda mahnıların və hərbi marşların müəllifi Şəmistan Əlizamanlının ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə paytaxtın məktəbdənkənar təhsil müəssisələri və ümumi təhsil məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 


Açar sözlər: ,  ,  ,