18.10.2016

Təhsil müəssisələrində bayram tədbirləri keçirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər,  mühazirə və konfranslar, “Dəyirmi masa”lar keçirilib, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil olunub.

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların,  habelə valideyn icmalarının  nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji və şagird  kollektivləri  iştirak ediblər.

Çıxış edənlər  XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətimizin taleyi etibarlı əllərdədir və bu kursun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan tarixində daha parlaq uğurlara imza atır.

“Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz milli sərvətimizdir”, “18 oktyabr dövlət müstəqilliyi günüdür”, “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”, “Müstəqilliyimizin 25  illiyi” və digər tədbirlərdə bu günün tarixi əhəmiyyəti vurğulanıb, vətənpərvərlik mövzusunda şeirlər söylənib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazanılmış parlaq nailiyyətlərdən danışılıb.

Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib. Eləcə də təhsil müəssisələrində bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.         


Açar sözlər: ,  ,  ,