22.10.2016

Sabunçu rayonunda “Məktəb seminarları” layihəsi çərçivəsində təlim-seminar keçirilib

              Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində üçüncü təlim-seminar Sabunçu rayonunda təşkil edilib.

Paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

Sabunçu rayonunda yerləşən 309 nömrəli tam orta məktəbdə keçirilən təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və gözlənilən nəticələrdən danışıb. Direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edən M.Vəliyeva, həmçinin seminar iştirakçılarını maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.

Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda çıxış edib.

            Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Məktəb seminarları” layihəsi çərçivəsində keçirilən təlim-seminarların Bakının 12 inzibati rayonunun hər birində təşkil olunması nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,