27.10.2016

Maarifləndirici tədbirlər keçirilib

“Bakı  şəhərinin  Xəzər və Sabunçu  rayonlarında  erkən nikah hallarının  azaldılmasına dəstək verilməsi” layihəsi çərçivəsində paytaxtın 26, 107,  213, 234 nömrəli tam orta məktəblərində maarifləndirici tədbirlər keçirilib.

Təhsil  Nazirliyi və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığına əsasən, “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi tərəfindən oktyabr  ayı ərzində təşkil edilən tədbirlərdə gender məsələləri üzrə mütəxəssislər erkən nikahın yaratdığı fəsadlardan danışıb.  Qeyd olunub  ki, erkən nikahlar cinsindən asılı olmayaraq bütün uşaqların inkişafına mənfi təsir göstərir.  Erkən nikahlar qızların təhsil almaq imkanlarını azaldır, eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır.

Həmçinin, erkən nikah probleminin qarşısının alınması istiqamətində görülən işlər barədə  məlumat verilib.  Problemin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etməsinin əhəmiyyəti vurğulanıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,