31.10.2016

Valideynlərin savadlı olması övladlarının təhsilində rol oynayırmı?

Qloballaşan dünyada artıq hər bir kəs təhsilin nə qədər əhəmiyyətli olduğunu yaxşı başa düşür. Buna görə də bütün valideynlər övladlarının yaxşı təhsil almasını, gələcəkdə hər hansı bir peşəyə yiyələnməklə rahat həyat sürmələrini arzulayır. Lakin təkcə arzulamaq şərtdirmi? Əlbəttə ki, xeyr. Bunun üçün valideynlərin övladlarını düzgün istiqamətləndirməsi, onlara dərslərində yaxından köməklik göstərməsi, məktəb və pedaqoji heyətlə sıx əlaqədə olması ən vacib amillərdəndir. 

Nəzərə çatdıraq ki, mövcud qanunvericiliyimiz də imkan verir ki, valideynlər təhsil prosesində yaxından iştirak etsin. Bu baxımdan valideynin özünün də təhsilli, dünyagörüşlü və intellektual səviyyəsinin yüksək olması daha da effektlidir. Təbii ki, yaxşı təhsil almış, zəngin əxlaq və dünyagörüşünə sahib olan valideyn öz övladını da yüksək səviyyədə tərbiyə edir. Ən əsası isə dərslərin hazırlanmasında övladına köməklik göstərir, onun bir şəxsiyyət kimi formalaşmasına çalışır. Lakin məsələyə bir bucaq altında baxmaq da düzgün deyil. Belə ki, bəzən valideynlərin savadsız olduğu ailələrdə belə övladlarının təhsildə böyük uğur qazanmasına da təsadüf edilir. Və yaxud əksinə, ziyalı ailələrdən olan, lakin təhsildə uğur qazanmayanlara da rast gəlinir. 

Ailənin və valideynlərin təhsildəki rolunu daha dərindən öyrənmək məqsədilə bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş tələbələrlə bağlı araşdırma apardıq. Valideynlərinin təhsil səviyyəsini, dərslərin hazırlanmasında, tədris prosesində onlara necə kömək etdiklərini araşdırdıq. Araşdırmalarımıza ilk öncə bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayanlardan başladıq. Məlum oldu ki, 10 nəfərdən yalnız birinin hər iki valideyni orta təhsillidir. Digərlərinin isə ya ataları, ya da anaları ali təhsillidir. Sonra Prezident təqaüdünə layiq görülən 102 nəfər arasında araşdırma apardıq. Nəticədə 700 bal toplayanlar da daxil olmaqla, Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 87- sinin ən azı bir valideyninin ali təhsilli olduğu üzə çıxdı.

Bu nəticələr isə valideynlərin təhsilinin şagirdlərin nailiyyətlərində xüsusi önəm daşıdığını bir daha təsdiq edir. 

Fürsətdən istifadə edib 700 bal toplamış tələbələrin bəziləri ilə bu mövzuda söhbət də apardıq.

Rəvan Nəzərəliyev, Bakı Ali Neft Məktəbinin I kurs tələbəsi: Anam riyaziyyat müəllimi, atam isə maşın ustasıdır. Həm atam, həm də anam təhsilimə xüsusi diqqət yetiriblər. Anam riyaziyyat müəllimi olduğu üçün dərslərimin hazırlanmasında həmişə mənə kömək edib, düzgün istiqamətləndirib. Böyük qardaşımın da təhsil almağımda mənə çox köməyi olub. Qardaşım 3 il bundan əvvəl 677 balla ali məktəbə qəbul olunub.

Onun uğuru da mənə əlavə stimul verib. Ümumiyyətlə, ailəmizdə təhsilə çox böyük önəm verilir. Nəslimizdə çoxlu sayda riyaziyyatçı var. Hətta nənələrimdən biri təxminən 25-30 il bundan əvvəl “əməkdar müəllim” fəxri adına da layiq görülüb. Bəlkə də mənim təhsil almağımda ən böyük motivasiyalardan biri də uşaq vaxtlarımda atamın məni öz işlədiyi yerə aparması idi. Atam bizi işlədiyi mühitlə tanış edərək deyirdi: “Baxın, görün necə çətin vəziyyətdə, ağır iş rejimində çalışıram”. Düşünürəm ki, bu mənim üçün ciddi bir siqnal idi.

Elvin İsayev, Bakı Dövlət Universitetinin I kurs tələbəsi: - Valideynlərimin üzərimdə əməyi çox böyükdür. Onlar mənim dərslərimi bir gün də olsun nəzarətsiz buraxmayıblar. Atam ali hərbi təhsil alıb. Anam isə evdar qadındır. Hələ uşaq yaşlarımdan atam da, anam da hər gün hazırladığım dərsləri məndən soruşar, çətinlik çəkdiyim mövzularda kömək göstərərdilər. Evimizdə yaxşı təhsil almaq üçün gözəl mühit formalaşıb. Bundan başqa, valideynlərim həmişə mənə inanıb. Düşünürəm ki, bu çox vacib amildir. Onlar mənə deyirdilər ki, sən 700 bal toplayacaqsan. 

Təbriz Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs tələbəsi: - Valideynlərimin diqqəti, nəzarəti həmişə üzərimdə olub. Bəlkə də tək uşaq olduğum üçün mənə daha çox dəyər verirdilər. Təhsilimlə hər ikisi ciddi maraqlanırdılar. Vaxtaşırı müəllimlərimlə, sinif rəhbərimlə əlaqə saxlayır, gündəlik dərslərimə nəzarət edirdilər. Aşağı siniflərdə oxuyarkən dərslərimin hazırlanmasında mənə yaxından köməklik göstəriblər. Atam da, anam da orta təhsillidir. Ancaq ali təhsilləri olmasa da, daim mütaliə ilə məşğuldurlar. 

Şahbaba Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi: - Valideynlərim təhsil almağımda mənə istər maddi, istərsə də mənəvi cəhətdən həmişə yardımçı olublar. Atam ali, anam isə orta təhsillidir. Onların məsləhətlərinə daim diqqətlə qulaq asmışam və dediklərini yerinə yetirmişəm. Dərslərimi hazırlayarkən də həmişə valideynlərim mənə kömək ediblər. Bundan başqa, onlar məktəblə, müəllimlərlə, hətta sinif yoldaşlarımla söhbət edərək məni daim diqqətdə saxlayıblar. Atam daim gündəliyimə baxar, bir az dərslərimdə zəiflik görən kimi həmin fənlərdən mənə köməklik göstərirdi. Bütün bunlara görə ilk növbədə valideynlərimə borcluyam.

 

Niyazi RƏHİMOV, 

“Azərbaycan müəllimi”

 


Açar sözlər: ,  ,