03.11.2016

Növbəti təlim-seminar Yasamal rayonunda təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir. Növbəti təlim-seminar Yasamal rayonundakı 60 nömrəli tam orta məktəbdə keçirilib.

Paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

Təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və gözlənilən nəticələrdən danışıb. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri qeyd edən M.Vəliyeva direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib.

Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda məruzə edib.

Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarların paytaxtın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində sonuncu təlim-seminar bu gün Səbail rayonu üzrə təşkil olunacaq.


Açar sözlər: ,  ,  ,  ,