07.11.2016

Məktəbəhazırlıq qruplarının uşaqların inkişafında nə kimi rolu var?

Artıq bir aydan çoxdur ki, respublikamızda fəaliyyət göstərən orta ümumitəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlər davam edir. Qeyd edək ki, təlimata uyğun olaraq məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçilir. Gün ərzində 3 məşğələ keçilən qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Qruplarda mövcud vəziyyətlə yaxından tanış olmaq, ötən müddətdə uşaqlardakı inkişafı və keçirilən məşğələlərin səmərəliliyini öyrənmək məqsədilə paytaxtın bir sıra orta təhsil müəssisələrində olduq, müəllimlər və valideynlərlə söhbətləşdik.

 

Məqsədimiz uşaqları məktəb mühitinə hazırlamaqdır

 

Dilarə Quliyeva, 18 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi: - Qrupa gələn uşaqların əksəriyyəti 5 yaşı hələ tamam olmayanlardır. Ailə mühitindən çıxıb birbaşa təhsil müəssisəsinə gələn uşaqlarda ilk vaxtlar, təbii ki, psixoloji dəyişikliklər olur. Səmimi deyim ki, bu bir ay müddətində uşaqlarda xeyli dəyişikliklər nəzərə çarpır. Belə ki, onların nizam-intizamında, davranışlarında, hərəkətlərində müsbət mənada çox fərq var. Məqsədimiz uşaqları məktəb mühitinə hazırlamaqdır. Uşaqlar məşğələlərdə çox həvəslə iştirak edirlər. Çalışırıq ki, onlar yorulmasınlar. Bu baxımdan, məşğələlərimiz əsasən oyun xarakterli, əyləncəli keçir.

 

Ətraf mühitlə tanışlığa, nitqin inkişafına xüsusi diqqət ayırırıq

 

Nüşabə Əliyeva, 328 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi: - Bir ay bundan əvvəllə müqayisədə uşaqlarda çox dəyişikliklər var. Onlar artıq məktəb mühitinə uyğunlaşıblar. Sinifdə özlərini sərbəst aparır, sadə davranış qaydalarına əməl edirlər. Biz çalışırıq ki, onlara həssas yanaşaq. Uşaqları yormayaq. Bu baxımdan, uşaqlar məşğələlərdə həvəslə iştirak edirlər. Sinif şəklində mahnı oxuyanda, idman edəndə daha çox sevinirlər. Məşğələlərimiz əsasən şəkillər üzrə aparılır. Bundan başqa, ətraf mühitlə tanışlığa, nitqin inkişafına xüsusi diqqət ayırırıq. Düşünürəm ki, məktəbəhazırlıq qruplarında olan uşaqlar birinci sinifdə oxuyanda digərlərindən mütləq fərqlənəcək. Onlar artıq tədrisə tam hazır olacaqlar.

 

Uşaqlarda müəyyən vərdişlər formalaşdırmağa çalışırıq

 

Mehriban Qarayeva, 18 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi: - Qrupda 30 uşaq var. Çox səmərəli məşğələlərimiz keçir. Məktəbəhazırlıq qruplarının açılması istər müəllimlər, istər uşaqlar, istərsə də valideynlər üçün atılan çox mühüm bir addım oldu. Bir ibtidai sinif müəllimi olaraq deyə bilərəm ki, əvvəlki illərdə birbaşa məktəbə gələn uşaqlarla iş ümumi işimizə mənfi təsir edirdi. Uşaqların məktəbə adaptasiyası, müəyyən etik qaydaları öyrənməsi və sair məsələlər vaxt itkisinə səbəb olurdu ki, bu da tədrisin keyfiyyətinə təsir edirdi. Ona görə də bu qruplarda ilk öncə uşaqları məktəb mühitinə alışmağa, onlarda müəyyən vərdişlər formalaşdırmağa çalışırıq. 

 

Uşaqların əksəriyyəti məktəbə ilk gəldikləri vaxt çox ağlayırdılar

 

Sevinc Cabbarova, 328 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun müəllimi: - Uşaqların əksəriyyəti məktəbə ilk gəldikləri vaxt çox ağlayırdılar. Valideynləri onları dərsdə qoyub gedə bilmirdilər. Lakin müəyyən müddət keçdikdən sonra onlar məktəbə adaptasiya olmağa başladılar. Hazırda demək olar ki, belə problemimiz yoxdur. Biz onlarla müxtəlif oyunlar keçiririk. Xalq nağıllarımızı səhnələşdiririk. Artıq onlar məktəbdən getmək istəmirlər. Uşaqlar daha çox şəkil çəkməyə, nəğmə oxumağa maraq göstərirlər. Bundan başqa, onlara şifahi olaraq bir çox məlumatlar veririk. Artıq onlar himnimizi bilir, fəsilləri sayır, nəqliyyat növlərini tanıyırlar. Düşünürəm ki, son bir ayda uşaqlar çox şeylər öyrəniblər. 

 

Övladımda çox böyük dəyişiklik var

 

Samirə Əhmədova, valideyn: - Övladım artıq bir aydan çoxdur ki, məktəbəhazırlıq qruplarında məşğələlər keçir. Səmimi olaraq bildirmək istəyirəm ki, övladımda çox böyük dəyişiklik var. Artıq davranış qaydalarını yavaş-yavaş öyrənir. Məktəbə çox böyük həvəslə gedir. Məşğələ saatının vaxtını səbirsizliklə gözləyir. Məktəbəhazırlıq qruplarının yaranmasını mühüm bir addım hesab edirəm. Etiraf edək ki, bu addım həm də bağçalarda olan uşaq sıxlığının da müəyyən qədər qarşısını alır.

 

Müəllimlər uşaqlara çox peşəkar yanaşır

 

İradə Məlikova, valideyn: - Eşidəndə ki, məktəbəhazırlıq qrupları açılıb, çox sevindim. Sənədlərimizi təqdim etdikdən sonra övladımı qruplara daxil etdilər. Qısa müddət keçməsinə baxmayaraq, övladımda ciddi irəliləyiş görürəm. Artıq uşaq öz fikrini sərbəst şəkildə ifadə edir. Nitqində xeyli dəyişiklik hiss olunur. Böyüyə hörmət, kiçiyə qayğı göstərməyi öyrənib. Müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Onlar uşaqlara çox peşəkarcasına yanaşır. Uşaqlar məktəbdən gəlmək istəmirlər. 

 

Övladımın nitqində irəliləyiş var

 

Elmira Hacıxanova, valideyn: - Məktəbəhazırlıq qruplarının açılması biz valideynləri çox sevindirdi. İlk günlər uşağı məktəbə zorla gətirirdik. İndi məktəbdən getmək istəmir. Çox həvəslə məşğələlərdə iştirak edir. Qısa müddət ərzində övladım artıq sözləri hecalara bölməyi bilir. Nitqində müsbətə doğru irəliləyiş var. On üzərində rəqəmləri asanlıqla sayır. Bundan başqa, nağıl və hekayələr öyrənib. Məktəbə gəldikdən sonra şəkil çəkməyə həvəsi daha çox artıb. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”