07.11.2016

“Tolerantlıq yurdu Azərbaycan”

Noyabrın 2-də “16 noyabr -Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə “Tolerantlıq yurdu Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Novruz Nuriyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov və şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlıq, dostluq mühitində yaşadıqlarını vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər bildiriblər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa bərabər münasibət bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.

Tədbir diskussiya şəklində davam etdirilib.

Rəşad ZİYADOV.

“Azərbaycan müəllimi”


Açar sözlər: ,  ,