01.01.1970

“Çağırışaqədərki gənclərin peşəyönümü” mövzusunda disput

Bakı şəhərindəki 49 nömrəli məktəb-liseydə X-XI sinif şagirdlərinin iştirakı ilə “Çağırışaqədərki gənclərin peşəyönümü” mövzusunda disput təşkil edilib.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi ilə əlaqədar ümumi təhsil məktəblərində maddi bazanın təkmilləşdirilməsi, tibbi sanitariya hazırlığı üçün tədris vəsaitlərinin vəziyyətinin öyrənilməsi və əməli köməkliyin göstərilməsi, təhsil müəssisələrinin hərbi hissələrlə hamilik əlaqələrinin yaxşılaşdırılması, döyüş texnikası və silahlarla tanışlıq məqsədilə keçirilən tədbirlərdə məktəblərin pedaqoji işçiləri, hərbi rəhbərləri və şagirdlər  iştirak ediblər.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səbail rayon İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əmək və Məşğulluq İdarəsinin əməkdaşları 91, 163 və 203 nömrəli tam orta məktəblərin şagirdlərinə hərbi peşəyönümü ilə bağlı məsləhətlər verib, hərb sənətinin qanunauyğunluqları, incəlikləri və məsuliyyəti barədə  məktəbliləri məlumatlandırıblar. 

Tədbirdə qonaqlar mövzu ilə bağlı  şagirdləri maraqlandıran  sualları  cavablandırıblar.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində ümumi təhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı və hərbi vətənpərvərlik tərbiyəsinə dair silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.