16.11.2016

“Uşaq hüquqları  aylığı” çərçivəsində silsilə tədbirlər

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlərin təşkili davam edir.

Uşaq  hüquqlarının həyata keçirilməsi mexanizminin yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması məqsədini daşıyan tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Rayon İcra Hakimiyyətləri, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları  iştirak  edirlər.

Aylıq çərçivəsində təhsil müəssisələrində “Mən öz hüquqlarımı bilirəm”, “Uşaq hüquqlarının ən yaxşı bilicisi”, “Uşaqlar öz hüquqlarını  niyə bilməlidir?”, “Sən öz hüquqlarını bilirsənmi?”, “Hüquq dünyası”, “Bizim hüquqlarımız”, “Uşaq hüquqlarını pozmayaq”, “Mənim hansı hüquqlarım var?”, “Mənim qanunum məni müdafiə edir”, “Uşağın ailədə və cəmiyyətdə hüquqları”, “Dövlətimin tamhüquqlu vətəndaşıyam” və digər mövzularda  “Dəyirmi masa”, disput,  seminar, konfrans, treninq, təqdimatlar, rəsm və inşa müsabiqələri keçirilir.

Tədbirlərdə şagirdlər "Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir", "Hüquqi dövlətin əsasları" mövzusunda mühazirələr dinləyir, “Uşaq Hüquqları Konvensiyası” adlı kitab və digər hüquqi nəşrlər haqqında məlumatlar əldə edirlər. Həmçinin, məktəblilərin psixoloq, tibb işçiləri,  hüquq məsləhətçiləri, polis əməkdaşları ilə  görüşləri təşkil olunur.

Görüşlərdə ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən danışılır,  şagirdlərə  hüquqlarının pozulması hallarına qarşı mübarizə yollarını izah edilir.


Açar sözlər: ,  ,