21.11.2016

Ümumi təhsil müəssisələrində seminarlar təşkil olunub

Bakıdakı 239 və 251 nömrəli tam orta məktəblərdə “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda seminar keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Müharibədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyi tərəfindən təşkil edilmiş seminarlar “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və ümümi təhsil ocaqlarında elmi-praktiki konfransların təşkili” layihəsi çərçivəsində keçirilib. Seminarlarda “Müharibədən zərər çəkən nəqliyyat işçiləri” İB-nin sədri X.Babayeva, Bakı Dövlət Universitetinin professoru L.Gərəyzadə, Qafqaz Universitetinin dosenti E.Gərəyzadə, məktəblərin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Seminarlarda “Heydər Əliyev yeniyetmə və gənclər üçün milli düşüncə məktəbidir”, “Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu” və digər mövzularda məruzələr dinlənilib. Mövzu ilə bağlı yeniyetmə və gənclərin  sualları  cavablandırılıb.

Tədbirlərdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.