28.11.2016

“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Məktəb seminarları” layihəsinin ilkin nəticələrinə dair görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və “Məktəb seminarları” layihəsi üzrə tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd layihənin tədris ilinin ilk yarımili üzrə yekunlarının, seminarların təşkilində BŞTİ-yə dəstək olan təşkilatlarla gələcək əməkdaşlığın və layihənin əhatə etdiyi hədəf qruplarının ehtiyaclarının müzakirə olunması, eləcə də “Məktəb seminarları” layihəsinin gedişi və perspektivi haqqında təklif və təəssüratların bölüşdürülməsindən ibarətdir.

Görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, bu seminarlar məktəblərin tədris nailiyyətləri baxımından müqayisəsinə və mövcud imkanlarının dəyərləndirilməsinə şərait yaradıb. İdarə müdiri BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində reallaşdırılan layihə çərçivəsində  məktəb direktorları, direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, məktəb icmaları və valideyn komitələrinin rəhbərləri, şagirdlər, habelə  metodbirləşmə rəhbəri və qabaqcıl müəllimlərlə aparılan interaktiv müzakirələr barədə fikirlərini bildirib. Sürətlə dəyişən müasir dünyada təhsilin keyfiyyətinə təsir edən amillərin vaxtında dəyərləndirilməsinin zəruriliyinə diqqət çəkən BŞTİ-nin müdiri bu istiqamətdə təhsil müəssisələrinə hərtərəfli dəstək verildiyini söyləyib. M.Vəliyeva qeyd edib ki, hədəf qruplarının marağı nəzərə alınaraq, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə “Məktəb seminarları”nın davam etdirilməsinə və daha da genişləndirilməsinə ehtiyac duyulur.

Görüşdə BŞTİ-nin müdir müavini Rəşad Tağıyev, İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bəktaşi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdirləri Anar Qədimalıyev, İlahə Rəsulova və Könül Pirverdiyeva, Community.az portalının rəhbəri Ülvi Ağayev, akademik Zərifə Əliyeva adına liseyin kitabxana müdiri İradə Hacızadə və “Dərs evi” əlavə təhsil mərkəzinin nümayəndəsi Vəfa Məmmədova çıxış edərək “Məktəb seminarları” layihəsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Çıxışlar zamanı qeyd olunub ki, BŞTİ-nin “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırdığı “Məktəb seminarları” layihəsi və digər müvafiq layihələr səmərəli məktəbin formalaşdırılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə hesablanıb.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində Bakının 12 rayonu üzrə keçirilmiş təlim-seminarlarda ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalarda iştirak ediblər. Bakı şəhəri üzrə 4000 nəfərə yaxın iştirakçının qatıldığı təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbərləri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,  ,