28.11.2016

Fənn aylığı başa çatıb

Bakıdakı 102 nömrəli tam orta məktəbdə “Azərbaycan dili və ədəbiyyat fənn aylığı”nın yekununa həsr olunan “Ədəbiyyat milli-mənəvi sərvətimizdir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Mailə İsmayılova açıb. Direktor çıxışı zamanı bildirib ki, tədris ocağının fəaliyyət planına uyğun olaraq, 2016-cı il oktyabrın 25-dən noyabrın 25-dək Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətini öyrənmək, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması yollarını araşdırmaq məqsədi ilə fənn aylığı keçirilib. Aylıq çərçivəsində müəllimlərin “Açıq dərs”ləri dinlənilərək təhlil olunub, bədii qiraət, inşa yazı müsabiqəsi keçirilib, qaliblər mükafatlandırılıb, bədii əsərlərə həsr olunmuş rəsm sərgisi təşkil olunub.

Tədbirdə şagirdlər Azərbaycan ədəbiyyatının keçdiyi zəngin inkişaf yolundan, şifahi xalq ədəbiyyatı xəzinəmizdən, dövrlər, mərhələlər üzrə şair və yazıçıların əsərlərindən nümunələr söyləyərək səhnəciklər göstərib, mahnılar ifa ediblər. 

Sonda şagirdlər tədbirin hazırlanmasında əməyi olan Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri İradə Quliyevaya, fənn müəllimləri Afət Vəlibəyova və Rəna Əbdüləzimovaya minnətdarlıqlarını bildiriblər.