02.12.2016

Xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincli günü

3 dekabr–Beynəlxalq Əlillər Günü münasibətilə 11 nömrəli Xüsusi Məktəbdə tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, millət vəkili Məlahət İbrahimqızı, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan söz açıb. M.Vəliyeva bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanlar cəmiyyətimizin ayrılmaz hissəsidir və onların təhsilə, əmək fəaliyyətinə cəlb olunması istiqamətində çox mühüm işlər görülür.

Əlillərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə həyata keçirilən davamlı tədbirlərdən söz açan millət vəkili Məlahət İbrahimqızı bu baxımdan qanunvericilik aktlarının da kifayət qədər təkmilləşdirildiyini nəzərə çatdırıb.

Daha sonra çıxış edənlər xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxlayan, hərtərəfli qayğısını çəkən dövlətimizə, uşaqların inkişafında misilsiz zəhməti olan məktəb kollektivinə, eləcə də Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və uşaqların valideynlərinə təşəkkür ediblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib. Şagirdlər tərəfindən ifa edilən şeir və mahnılar da maraqla qarşılanıb.