08.12.2016

Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist və ictimai xadim Ceyhun  Hacıbəylinin 125 illik yubileyi münasibətilə  tədbirlər  keçirilib.

“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə uyğun olaraq, “Ceyhun Hacıbəyli haqqında nə bilirik?”, “Görkəmli yazıçı-publisist Ceyhun Hacıbəylinin Azərbaycan mühacirət mətbuatında yeri və rolu”, “Ceyhun Hacıbəyli müasir gəncliyin gözu ilə”, “İstiqlal mücahidi-Ceyhun Hacıbəyli”,  “Ceyhun  Hacıbəyli  və Qarabağ folkloru” mövzularında keçirilən disput, “Açıq dərs”, mühazirə, seminar, sorğu və konfranslarda gənc yaşlarından mühacirətdə olmuş ədibin yaradıcılığı, siyasi fəaliyyəti,  Azərbaycan mühacirət ədəbiyyatı,  tarixi  və folklorunun təbliğində xidmətlərindən bəhs edilib.

Keçirilən tədbirlərdə Ceyhun Hacıbəylinin bir çox mətbu orqanlarında  çalışması, həmçinin mühacirətdə yaşadığı dövrdə  “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbu orqanlar ilə əməkdaşlıq etməsi, Parisdə “Qafqaz” və Münhendə “Azərbaycan” jurnallarının redaktoru olması barədə ətraflı məlumat verilib. Müəllim və şagird kollektivinə görkəmli ədibdən bəhs edən “Durun gedək evimizə”, “Əbədi ezamiyyət” adlı filmlər nümayiş etdirilib.

Təşkil edilən ədəbi-bədii kompozisiyalarda şagirdlərin ifasında yubilyarın "Qarabağ dialekti və folkloru" əsərindən bayatılar və lətifələr söylənilib, səhnəciklər göstərilib. Ceyhun Hacıbəylinin  həyat və yaradıcılığı, əsərləri və elmi məqalələrinin nümayiş olunduğu foto guşələr və sərgilər maraqla qarşılanıb.  


Açar sözlər: ,  ,