14.12.2016

Məktəblilərin peşə təhsilinə  marağının  artırılması üçün ekskursiyalar

Paytaxt məktəblilərinin peşə təhsilinə marağının artırılması məqsədilə ekskursiyalar təşkil olunub.

Bakı şəhərinin 7, 10, 24, 164 nömrəli tam orta məktəbləri və Məktəb-Lisey Kompleksinin VIII, IX və X sinif şagirdləri üçün Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcəyi dəstək” layihəsi çərçivəsində təşkil edilən ekskursiyalarda şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat verilib.

Şagirdlər Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində emalatxana və təlim otaqları ilə tanış olublar. Məktəblilər elektrik qaz qaynaqçısı, plastmas qaynaqçısı, nasos qurğularının maşinisti, elektrik montyoru, nəzarət ölçü cihazları üzrə çilingər, təmirçi çilingər peşələrinin qaydaları, prinsipləri və peşə üstünlükləri barədə məlumatlandırılıblar.

Dekabrın sonunadək Bakı şəhərindəki 31  və 32  nömrəli  tam  orta məktəblərdə təhsil alan şagirdlərin də ekskursiyalarda iştirakı təmin olunacaq.