23.12.2016

“Valideynlər-ilk müəllimlərdir” adlı seminar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəb-valideyn əlaqələrinə həsr olunan “Valideynlər–ilk müəllimlərdir” adlı seminar keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “Valideyn qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Təhsil Komitəsinin nümayəndəsi Klara Şarafovna Mansurova, Latviyadan olan ekspert Valentina Voyçişa, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva iştirakçıları salamlayıb, məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti haqqında söhbət açıb. İdarə müdiri əsas məqsədin valideyn və müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini artırmaq, valideynlə məktəb arasında yaxşı ünsiyyət mühiti yaratmaqdan ibarət olduğunu bildirib. Valideynləri təşəbbüskar və fəal olmağa səsləyən idarə müdiri məktəb-valideyn əməkdaşlığı çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib.

M.Vəliyeva onu da bildirib ki, bir qayda olaraq, təhsil prosesi ilə daha yaxından maraqlanan valideynlərin övladları həmyaşıdlarından yaxşı nəticə göstərir: “Yəni valideynlərin övladının təhsilinə olan həssas münasibəti şagird nailiyyətinə müsbət təsir edir. Valideynlərin əksəriyyəti uşaqların təhsil və inkişafında onlara kömək etmək istəyir, lakin hər kəs bunun necə edilməli olduğunu bilmir. Müəllim və valideynlərin qarşılıqlı anlaşması və onların bir-birini qarşılıqlı dəstəkləməsi uşağın inkişaf etməsi üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir. Son illərdə valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini genişləndirmək üçün intensiv işlər görülür. “Məktəb icmaları”nın yaradılması və digər müvafiq tədbirlər bu istiqamətdəki davamlı fəaliyyətin nəticəsidir”.

Tədbirdə Klara Şarafovna Mansurova “Təhsil üçlüyü: müəllim, şagird, valideyn” mövzusunda nümunə seminara moderatorluq edib.

Seminar zamanı keçirilən “Valideynlik məktəbi” laboratoriyasının əsas məqsədləri açıqlanıb. Qeyd olunub ki, məktəbyaşlı uşaqlarla iş baxımından valideyn düşüncə və yanaşmasının təkmilləşdirilməsi davamlı prosesdir.

Valideynlər müvafiq seminarların məktəblərdə də təşkil olunmasının zəruriliyini önə çəkib, bununla bağlı təkliflərlə çıxış ediblər.

Seminarın sonunda valideynləri maraqlandıran suallara aydınlıq gətirilib, məktəb-valideyn münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb.


Açar sözlər: ,  ,  ,