13.01.2017

Məktəb direktorları və məktəb icma sədrləri ilə görüş

“Məktəb icmaları” layihəsi çərçivəsində məktəb direktorları və məktəb icma sədrləri ilə görüş keçirilib.

Bakı şəhərindəki 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, “Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə ilk qoşulan 80 ümumi təhsil məktəbinin direktoru və məktəb icma sədrləri (valideynlər) iştirak ediblər.

Tədbirdə “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Görüşdə “Məktəb icmaları” layihəsinə qoşulmuş məktəblərin təcrübəsindən və icma qurumlarının fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bildirilib ki, icmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilir. Şagirdlər isə müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənir. Həmçinin, şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edir və birgə qərar qəbuletmə bacarıqlarına yiyələnirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edir.

Tədbirdə “Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun daha səmərəli təşkili və valideynlərlə əməkdaşlığın genişləndirilməsi haqqında tövsiyələr verilib.


Açar sözlər: ,  ,  ,  ,