16.01.2017

Məktəbəhazırlıq qruplarında işin təşkilinə dair

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə cari dərs ilindən etibarən ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılmışdır. Təhsil nazirinin müvafiq əmrinə əsasən həmin qruplarda işləyəcək müəllimlərin təlimatlandırılması prosesi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna həvalə edildi. İnstitut YUNİSEF-in maliyyə və elmi-metodik dəstəyi ilə sentyabr-oktyabr aylarında ölkə üzrə 3707 müəllim üçün 36 saatlıq təlim proqramı təklif etdi. Artıq bu dərs ilində 76000-dən çox uşaq məktəbəhazırlıq qruplarında təhsil alır. 5 yaşlıların məktəbə hazırlığının həyata keçirilməsi ibtidai sinif müəllimlərinin işini xeyli yüngülləşdirməklə yanaşı, onların əməyinin səmərəsini də yüksəldəcəkdir: psixoloji və intellektual baxımdan məktəb həyatına hazırlıqlı uşaqla işləmək daha asandır, digər tərəfdən məktəbəhazırlıq qruplarında oynayaraq öyrənmə prosesinə və sinif intizamına alışdırılan uşaq daha az stress keçirir. 

Bu başlanğıcın nə qədər vacib olduğu barədə məlum həqiqətləri təkrarlamadan həmin qruplarda işləyən müəllimlərə daha hansı əməli kömək göstərmək lazım olduğuna diqqət çəkmək istəyirik. 

Noyabr-dekabr aylarında institutun Keyfiyyətə nəzarət və monitorinq şöbəsi Bakı, Sumqayıt və Abşeronun 35 ümumtəhsil məktəbində məktəbəhazırlıq qruplarının işini monitorinq etdi. Monitorinqin məqsədi təlim proqramını qiymətləndirmək, mövcud nöqsanları vaxtında aşkar etmək, gələn il üçün proqramı təkmilləşdirməkdən ibarət idi. Yaxşı göstərici budur ki, məktəbəhazırlıq qruplarına maraq böyükdür - valideynlər uşaqlarını həvəslə məktəbə gətirirlər. Məktəblərimizdə 5 yaşlılarla iş metodikasını dərindən bilən mütəxəssislər də vardır. Aşkarlanmış nöqsanları isə şərti olaraq 3 qrupa bölə bilərik. Bunlar müəllimlərin 5 yaşlı uşaqları məktəbə fiziki, intellektual və psixoloji müstəvidə hazırlamaqda üzləşdikləri problemlərdir.

Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai siniflərdəki iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir. Bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlidir. Alimlər sübut edir ki, erkən dövrlərdə nəinki il, hətta ay fərqi inkişafın müxtəlif səviyyələrindən xəbər verir. Odur ki, 6 yaşlılarla iş üsulu 5 yaşlılarla işə çox zaman yaramır. 
Məktəbəhazırlıq qruplarındakı məşğələlər I sinif proqramını əks etdirməməlidir. Bu məşğələlərin vəzifəsi uşağı məktəbə fiziki, intellektual və psixoloji cəhətdən hazırlamaqdır. Fiziki hazırlıq 5 yaşlıların həm də bədən-kinestetik intellektinin inkişaf etdirilməsində vacib rol oynayır. Təbiətən fiziki cəhətdən fəal olan uşaqları bu fəallıq vasitəsilə öyrətmək lazımdır. Bir çox hərəki oyunlar vardır ki, onların didaktik əhəmiyyəti göz qabağındadır. Məsələn, gizlənpaç oynayan uşaqlarda hərəki qabiliyyətlər inkişaf edir, onlar düzgün və cəld qərar verməyi öyrənirlər, strategiya qurmağın əlifbasına bələd olurlar, rəngarəng hisslər (qələbə sevinci, təəccüb, həyəcan, məğlub olma kədəri və s.) keçirirlər. Müəllimin rəhbərliyi ilə aparılan belə oyunların didaktik əhəmiyyəti oyundan əvvəl, oyun zamanı və oyundan sonra müəllimin verdiyi təlimatlar və suallar vasitəsilə qabarır. Məsələn, aşağıdakı suallarla oyunun sonunda refleksiya təşkil edən müəllim uşaqları vacib şeylər barədə düşünməyə istiqamətləndirir:

- Qumralın bir neçə dəfə qalib gəlməsinin səbəbi, sizcə, nədədir? (Mümkün cavablar: Qumral cəlddir, gizlənmək üçün qeyri-adi yerlər seçə bilir, oyun zonasını daim müşahidə edir və s.).

- Məğlub olanda hansı hissləri keçirdiniz? Bu hiss nəyə bənzəyir? Yenidən bu hissi yaşamamaq üçün, sizcə, nə etmək lazımdır?

- Qalib gələndə nə hiss etmişdiniz? Bu, nəyə bənzəyir? Qalib gəlməyə sizə nə kömək etdi?

Ümumiyyətlə, yeni məktəblinin həyatının əksər hissəsi oyunla bağlıdır. Oyun bu yaş dövründə insanın bütün sonrakı həyatı boyu lazım olan fiziki və psixi inkişafını təmin edir. Düşünmək, ünsiyyətə girmək, davranışı idarə etmək, ətraf aləmi qavramaq və s. keyfiyyətlərin əsası məktəbəqədər yaş dövründə oyun prosesində qoyulur. 
Uşaqlar üçün oyun ətraf mühiti qavramaq və dərk etmək vasitələrindən biridir. Oyun vasitəsi ilə uşaqlar onları əhatə edən əşyalardan istifadə etməyi, insan münasibətlərini, öz həmyaşıdları ilə ünsiyyət qurmağı öyrənirlər. 

Bədən-kinestetik intellekti inkişaf etdirmək üçün başqa vacib bir vasitə musiqi dərslərində uşaqlara rəqs elementlərini öyrətmək, ritmik hərəkətlər etməkdir. Zəmanəmizin məşhur alimi Ken Robinsondan misal gətirmək əsnasıdır. Tanınmış pedaqoq deyir ki, “nədənsə, məktəb uşağın bədəninə onun başını məktəbə aparıb-gətirən nəqliyyat vasitəsi kimi baxır, uşağın ancaq başını doldurur, bədənini isə sanki heç görmür”. Uşağı bir tam kimi “görmək” təcrübəsini məktəblərimizdə bərqərar etmək vaxtıdır. 

Uşağın məktəbə intellektual hazırlığı dedikdə, heç də onun oxuyub-yazmaq, misal həll etmək, əzbərdən çoxlu şeirlər söyləmək və s. bu tipli bacarıqları nəzərdə tutulmur. Əsas məsələ bu yaşda uşaqlara ilkin intellektual operasiyalar (müşahidə, tədqiqat, təhlil, sintez, qiymətləndirmə, sual qoyma, qərar vermə və s.) aparmaq bacarıqları aşılamaqdır. Əqli operasiyaları öyrətmədən bilik vermək uşağı hazır biliklərlə “doldurmaq” anlamına gəlir. İntellektual hazırlıqda əsas məsələlərdən biri məktəbəqədər yaşlı uşaqlarda kinestetik öyrənmə kanallarının güclü inkişaf etdiyini unutmamaqdır. Uşaqlar dünyanı toxunaraq, iyləyərək, dadaraq, söküb hissələrə ayıraraq kəşf edirlər. Onlarda təfəkkür konkretdir. Sadə riyazi təfəkkürünü inkişaf etdirmək istədiyimiz uşaqlara imkan verməliyik ki, əlləri ilə toxuna biləcəyi kublar, çəyirdəklər, qozalar ilə işləsin - onları bir yerə toplasın, gizlətsin, dolablara yığsın və s. Konkret əşyalarla operasiyalar aparan uşaq müəyyən vaxtdan sonra asanlıqla konkretlikdən abstraksiyaya keçir: lövhədə müəllimin yazdığı 1+2=3 ifadəsindəki simvolların nə demək olduğunu rahatlıqla anlayır. Konkret əşyalarla operasiyalar aparmaq imkanı olmayan uşaq isə lövhədə 1+2=3 yazan müəllimin ondan nə gözlədiyini anlamayacaq. Ən yaxşı halda o, müəllimin və başqalarının verdiyi cavabları təkrar edəcək. 

Uşaqların yaxşı xətlə yazmasını qarşısına məqsəd qoyan müəllim təsviri fəaliyyət məşğələlərində plastilin, sulu boya, qayçı və s. ilə işləmək təcrübəsini genişləndirməlidir. Son illərin tədqiqatı plastilin kimi sadə bir vasitəni əqli inkişafı stimullaşdıran unikal öyrədici resurs kimi qələmə verir. Plastilinlə oynayan uşaq sonralar yaxşı xətlə sərrast yazır (çünki bu halda uşaqda kiçik motorika yaxşı inkişaf edir), ən əsası isə uşağın beynində əqli operasiyalar daha sürətlə gedir. 

Maykl Qrinder “Məktəb konveyerinin sazlanması” kitabında qeyd edir ki, kinestetik varlıq kimi qəbul edilməyən və müəyyən prosedurlardan keçməyən uşaqları məktəb “konveyerdən yerə atır”, onları sonrakı təhsil pilləsi üçün yararsız hesab edir, “koridora” göndərir. M.Qrinderin təbirincə, “məktəb koridorunda” ümumi tələblərə cavab verməyən, öyrənmə çətinlikləri olan uğursuz uşaqlar toplanır. Zənnimizcə, bu sətirləri oxuyan müəllimlər eyni səhvləri buraxmamaqla böyüklərin səriştəsizliyi ucbatından bu kateqoriyaya düşən uşaqların sayını kəskin şəkildə azalda bilər. 
Uşaqların məktəbə psixoloji hazırlığı dedikdə nə nəzərdə tutulur? Hər şeydən əvvəl, məktəbə gələn uşağın statusu dəyişir. İndi o uşaq olmaqla yanaşı həm də şagird olmağa hazırlaşır. Uşaq məktəbdə qısa müddətə də olsa, valideynlərindən uzaqda, yad böyüklərin nəzarəti altında öz həmyaşıdları ilə birlikdə vaxt keçirməlidir. Məkan da evdən xeyli fərqlidir. Burada başqa qaydalar var, bu qaydalara o dəqiqə uyğunlaşmaq çətindir. Müəllim anlayanda ki, pozitiv davranış vərdişləri zamanla, səbirlə və düzgün qurulmuş taktika ilə aşılanır, həm o, həm də uşaqlar stressdən uzaqlaşır. Uşaqlar üçün məktəbə və qaydalara alışmaq xeyli rahat olur. 

Öz unikal xasiyyəti ilə məktəbə gələn hər bir uşaq müəllimdən qayğı və diqqət gözləyir. Sinifdəki hər bir uşağa bunu vermək üçün sadə üsullar və davranış modelləri vardır. Uşağa məktəb şəraitinə uyğunlaşmağa yardım etmək üçün ilkin olaraq onda həyata, məktəb fəaliyyətinə, təlim prosesinin bütün iştirakçılarına (uşaq-müəllim-valideyn) müsbət münasibət oyatmaq lazımdır. Təlim fəaliyyəti uşaqlara sevinc gətirəndə, mənfi hisslər oyatmayanda, uşaqlar özlərini sevgi və diqqət içində hiss edəndə, məktəb onlar üçün problem yaratmır, əksinə, onlar oxumağa, yeni əlaqələr yaratmağa, yenilik kəşf etməyə can atırlar. Uşaqları təlimdə və davranışlarında olan hər bir nailiyyət və xoş niyyətə görə tərifləmək, rəğbətləndirmək lazımdır.

Heç bir halda uşağın fəaliyyətinin normal nəticələrini məktəb proqramının qoyduğu tələblərlə və ya daha uğurlu uşağın nailiyyətləri ilə müqayisə etmək düzgün deyildir. Ümumiyyətlə, uşağı digər uşaqlarla müqayisə etmək yanlış yoldur. İnsanı yalnız onun öz əvvəlki nailiyyətləri ilə müqayisə etmək olar. Əgər uşaq dünən 3, bu gün isə 2 səhv edibsə, bu halı mütləq uğur kimi qiymətləndirmək lazımdır. “Səhv” sözünü də “təcrübə qazanmaq” ifadəsi ilə əvəz etmək yaxşı olar. Səhv etmək və bu səhv üzərində öyrənməyin adi həyati hadisə olduğunu uşaqlara və valideynlərə çatdırmaq vacibdir. 

Valideyn və müəllimlər səbirlə uşaqdan nailiyyət gözləməlidirlər, çünki həddindən artıq yüksək tələblər uşaqda uğursuzluq həyəcanının artmasına səbəb olur.

Böyüklər uşaqlara aldıqları qiymətlərə görə yox, şəxsiyyətlərinə görə onları sevdiklərini hiss etdirməlidir. Qoyulan yüksək tələblər və artan təzyiq uşaqlarda aydın ifadə olunan mənfi demonstrativ davranışda özünü əks etdirir. Bu hallar uşaq həyatında diqqət və sevgi az olanda əmələ gəlir. Müəllimlər uşaqların məktəbdə qarşılaşdıqları çətinlikləri öyrənib onlara yardım etməyə çalışmalıdır. 

Bütün ölkə üzrə dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması təhsildə irəli atdığımız iri addımdır. Biz böyük yolun başındayıq.

Növbəti addımlarımızı sərrast və məqsədə doğru atmaq üçün hər günün təcrübəsini diqqətlə təhlil etməli, öyrədərək öyrənməliyik.

 

Vəfa YAQUBLU,

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor vəzifəsini icra edən, əməkdar müəllim

"Azərbaycan müəllimi"