16.01.2017

TDM-ə işə qəbul müsabiqəsinin imtahan mərhələsində 139 nəfər iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçirilib.

İmtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 139 nəfər iştirak edib.

İmtahan elektron formada aparılıb. Suallar təhsil qanunvericiliyi  və ixtisasla bağlı mövzuları əhatə edib. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazıblar. İmtahandan müəyyən edilmiş balı toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.

Mərkəzdə Təlimin təşkili və idarəetmə, Tədrisin idarə olunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqinə nəzarət, E-resurs bölmələri fəaliyyət göstərəcək.


Açar sözlər: