25.01.2017

“Ekoloji aylıqlar” davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Layihə çərçivəsində 2016-2017-ci tədris ilinin yanvar ayı üçün ümumi təhsil məktəblərinə “Ekologiya və iqtisadiyyat” müvzusu təqdim olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı şəhərinin 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə elmi konfranslar, rəsm müsabiqələri, sərgilər təşkil edilir, araşdırmalar aparılır, məktəbyanı sahədə abadlıq işləri görülür. Bundan əlavə, bir çox məktəblərdə layihə çərçivəsində “Məktəb avadanlıqlarını qoruyaq və saxlayaq!”, “Yer kürəmizi qoruyaq”, “Gəlin qənaət edək, israfçılığa yol verməyək, büdcəmizi qoruyaq!”, “Məni cırma, məni əzmə, məni oxu və qoru”, “Tullantılara yenidən həyat verək” şüarları altında aksiyalar da keçirilir.

Qeyd edək ki, yanvar ayının sonunda mövzuya uyğun olaraq “Ayın ən qənaətcil məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.


Açar sözlər: ,  ,