03.02.2017

Debat Klubları layihəsi çərçivəsində “Dəyirmi masa”lara start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi çərçivəsində “Dəyirmi masa”lara start verilib.

Layihə BŞTİ-nin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Görüşdə BŞTİ-nin əməkdaşları, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin nümayəndələri və layihəyə cəlb olunan ümumi təhsil məktəblərinin rəhbərləri (direktor, tərbiyə işləri üzrə direktor müavini, UBTR) iştirak ediblər.

“Dəyirmi masa”lar məktəblərin layihənin istiqamətləri ilə tanış edilməsi və layihə çərçivəsində görüləcək işlərin müzakirə olunması məqsədilə təşkil edilib.

Görüş zamanı layihə çərçivəsində görüləcək işlər, fəaliyyət planına və layihə formatına edilən təkliflər, məktəblərdə debat klublara rəhbərlik edəcək şəxslərin müəyyən edilməsi məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Ümumi təhsil məktəbləri rəhbərlərinin təklifləri dəyərləndirilib və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunub.

Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsinin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, onlarda auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,