06.02.2017

“Ekoloji aylıqlar” davam edir     

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihə çərçivəsində fevral ayı ümumi təhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdir. 

Bakı şəhərinin 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs”, sərgi və ekskursiyaların təşkil edilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.

Qeyd edək ki, fevral ayının sonunda mövzuya uyğun olaraq “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qalib məktəb seçiləcək.

Qalib məktəb orijinallıq, mövzunun əhatəliliyi, fəaliyyətin müxtəlifliyi, şagirdlərin bacarıqlarının formalaşdırılmasına xidmət edən fəaliyyətlərin yer alması, layihədə müxtəlif yaş qrupunu təmsil edən şagirdlərin iştirakı, mövzunun ekoloji problemləri əhatə etməsi, hesabatların təqdim edilməsində təsdiqləyici materialların mövcudluğu (foto və s.) kimi meyarlara əsasən müəyyən olunacaq.


Açar sözlər: ,  ,