09.02.2017

Məktəblərdə ekoloji maarifləndirmə tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsi çərçivəsində tədbirlər keçirilib.

Layihənin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək, şagirdləri ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq  və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirlərdə ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramlarından və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Məktəblilərə su ehtiyatlarının və atmosferin çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və digər ekoloji problemlər haqqında geniş məlumat verilib, problemlərin həlli yolları izah olunub. Ekoloji mədəniyyət səviyyəsinin ətraf  mühitin mühafizəsinin efftektiv təminatının ən əsas faktorlarından biri olduğu vurğulanıb.

Tədbirlər çərçivəsində şagirdlərin iştirakı ilə məktəbyanı sahədə iməciliklər keçirilib, abadlıq işləri aparılıb. Həmçinin, şagirdlər tərəfindən ekologiyaya, təbiətə həsr olunan şeirlər səsləndirilib, müxtəlif səhnəciklər göstərilib.