22.02.2017

İlk Sosial Media Seminarı keçirilib

Paytaxtda Müəllimlər üçün Sosial Media Seminarı keçirilib.

Seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilir.

Seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.

İlk seminarda Bakı şəhərinin Yasamal rayonu üzrə ümumi təhsil məktəblərinin internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxslər və  idman müəllimləri iştirak edib.

Seminara qatılan məktəb nümayəndələrinə sosial mediadan daha fəal istifadə ilə bağlı təlim keçirilib. Təlim zamanı sosial mediada səhifəsi olan məktəblərin bu istiqamətdəki fəaliyyətlərini daha da təkmilləşdirmələri barədə lazımi məlumatlar verilib. Həmçinin, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün yeni səhifələr yaradılıb.

Qeyd edək ki, Müəllimlər üçün Sosial Media Seminarının paytaxtın digər məktəbləri üzrə də keçirilməsi nəzərdə tutulub. Hər rayon üzrə seminarın keçirilmə tarixi barədə məktəblərə öncədən məlumat veriləcək.

Seminarın sonunda təlim iştirakçıları Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.


Açar sözlər: ,