25.02.2017

Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində "Xocalı qisasa səsləyir bizi", “Xocalı  faciəsini  unutma”, “Əsrin faciəsi”, “Xocalı zamanın güzgüsündə”, “Xocalı-xalqımızın qan yaddaşı”, “Xocalısız 25 il” mövzularında dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar və rəsm-sərgi müsabiqəsi təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsi barədə söhbət açılıb. 25 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366 - cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən danışılıb. Qeyd olunub ki, xalqımızın yaddaşında silinməz iz qoyan Xocalı faciəsində 613 nəfər şəhid olub, 1275 nəfər əsir götürülüb.

Tədbirlərdə Xocalı faciəsinin təkcə ildönümlərində deyil, hər zaman xatırlanması şagirdlərə tövsiyə olunub və onları ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə səsləyiblər.

Şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “Xocalıların kədəri və ümidi”, “Bir yurd vardı-Xocalı” mövzularında bədii qiraət və inşa yazı müsabiqələri,  “Xocalı faciəsi ədəbi irsimizdə” mövzusunda kitab sərgiləri keçirilib.

Həmçinin, təhsil müəssisələrində Xocalı faciəsi barədə sənədli və bədii filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri keçirilib.

Onu da qeyd edək ki, fevralın 24-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Eləcə də paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin “Ana fəryadı” abidə kompleksinə ziyarətləri təşkil olunub.


Açar sözlər: ,  ,  ,