07.03.2017

“Eko-təqdimatlar” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə start verilib.

Layihənin əsas məqsədi şagirdlərimizin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılması, bu adət ənənələrin davam etdirilməsində motivasiyanın yaradılması, həmçinin Novruza və ilaxır çərşənbələrə aid tədbirlərin elmi cəhətdən əsaslandırılması və digər bu kimi mövzular ətrafında müzakirələr aparmaqdan ibarətdir.

İlk olaraq milli dəyərlərimizin təbliği istiqamətində Novruza və ilaxır çərşənbələrə həsr olunan mühazirələrin keçirilməsi ilə start verilən layihənin daha sonra müxtəlif aktual ekoloji mövzularda davam etdirilməsi nəzərdə tutulub. Mühazirələrə müvafiq istiqamətlər üzrə müxtəlif tədqiqatlar aparan ekoloqlar, ekspertlər dəvət olunacaqlar.

189-190 nömrəli tam orta məktəbdə keçirilən ilk mühazirədə Bakı şəhəri ümumi təhsil məktəblərindən 200-dən çox müəllim iştirak edib.

Mühazirə zamanı Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən Azərbaycan xalqının milli ənənələrini özündə birləşdirən Novruz bayramının tarixi, atributları, su, od, yel və torpaq çərşənbələri barədə geniş məlumatlar verilib. Bildirilib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Yeni ilin başlanmasından xəbər verən və bolluq rəmzi olan Novruzun Azərbaycanla yanaşı digər ölkələrdə də qeyd edildiyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən müəllimlər tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,  ,