17.03.2017

Təntənəli bayram tədbiri

Novruz bayramı münasibətilə Bakıdakı 81 nömrəli tam orta məktəbdə təntənəli bayram tədbiri keçirilib.

Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, BŞTİ-nin sektor müdirləri, o cümlədən məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib. İdarə müdiri şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bayram münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var.

Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlərdən parçalar söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.