17.03.2017

Paytaxt məktəblərində Novruz bayramı qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Paytaxt məktəblərində “Yurdumuza yaz gəlir”, “Novruz xalq bayramıdır”, “Milli-mənəvi dəyərlərimiz”, “Elimizə bahar gəlir”, “Sazlı-sözlü Novruzum”, “Səməni saxla məni”, “Xonçalı Novruz gəlir”, “Novruz ənənələri” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.

Bundan əlavə, təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, "Ən yaxşı səməni",  "Ən yaxşı əl işi" nominasiyaları üzrə müsabiqələr təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram şənliklərində şagirdlərin ifasında “Halvaçı”, “Səmənilər”, “Lalələr”, “Üzümçülər” rəqsləri, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb.