18.04.2017

“Yaşıl  məktəb” layihəsi genişlənir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl  məktəb” layihəsi çərçivəsində yaşıllıq zolaqları salınıb.

Layihə çərçivəsində keçirilən ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edib. 40 ümumi təhsil müəssisəsini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində çoxsaylı ağac əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Məktəblilərin ekoloji təfəkkürünü inkişaf etdirmək və cəmiyyətə ekologiyanın qorunmasının vacibliyini bildirmək məqsədilə tədris ocaqlarında ekoloji mövzuda divar qəzetləri hazırlanıb.

“Yaşıl məktəb” layihəsinin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, məktəblilərə calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasının təmin edilməsindən ibarətdir. Həmçinin, canlı aləmə münasibətdə düzgün yanaşmanın vərdişə çevrilməsi əsas hədəflərdəndir.

“Yaşıl məktəb” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Növbəti tədris illəri ərzində digər ümumi təhsil müəssisələrində də məktəb bağının salınması, bütün məktəblərin tədricən yaşıllaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, IDEA İctimai BirliyiBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində də respublikanın ümumi təhsil müəssisələrində ağacəkmə kampaniyası təşkil edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi şagirdlər arasında ekoloji sağlamlığı təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,