21.04.2017

“Ayın tədqiqatçı bioloqlar məktəbi” seçiləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihə çərçivəsində aprel ayı ümumi təhsil məktəblərində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. 

Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin Mərdəkan qəsəbəsində yerləşən “Nəbatat” bağına, Bakı Heyvanat Parkına, Xəzər dənizinin Pirşağı sahillərinə ekskursiyaları da təşkil edilib.

Qeyd edək ki, tədris ocaqlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və SOCAR-ın Ekologiya İdarəsinin birgə təşkilatçılığı ilə “Eko-təqdimatlar” layihəsi çərçivəsində də “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunan silsilə mühazirələr keçirilir. Mühazirələr zamanı Azərbaycanın təbii mövqeyi, coğrafiyası, mühafizə olunan əraziləri (qoruqlar, yasaqlıqlar), bitki və heyvanat aləmi, su bioresursları, “Qırmızı kitab”ı haqqında şagirdlərə geniş məlumat verilir.  

Qeyd edək ki, aprel ayının sonunda mövzuya uyğun olaraq “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.


Açar sözlər: ,  ,  ,