27.04.2017

 Kitabxanaçılar Klubunun üzvləri ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış Kitabxanaçılar klubunun üzvləri ilə görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd paytaxtın ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Kitabxanaçılar Klubunun fəaliyyəti məktəblərdə kitabxana işinin düzgün təşkili üzrə mentorluğa ehtiyacı olan digər kitabxana işçilərinə müvafiq dəstəyin göstərilməsi, kitabxanadaxili və kitabxanalararası öyrədici mühitin təkmilləşdirilməsi, səmərəli fikir mübadilələrindən yararlanma və araşdırma qabiliyyyətinin inkişafı məsələlərini əhatə edir.

Görüşdə BŞTİ-nin əməkdaşı Səkinə Ağalarova, Zərifə Əliyeva adına Liseyin kitabxana müdiri İradə Hacızadə və yüksək təşkilatçılığı ilə seçilən Kitabxanaçılar Klubunun üzvləri iştirak edib.

Görüş zamanı klub üzvləri ilə klubun gələcək fəaliyyəti barədə söhbət aparılıb. Onlara 25 aprel-25 may tarixlərində keçirilən “Oxu aylığı” çərçivəsində mütaliəyə marağın artırılması istiqamətində müxtəlif işlərin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda kitabxana işçilərinə təmsil etdikləri məktəblərin kitabxana fondunu zənginləşdirmək məqsədilə “Toppuşun bilgiləri” və “Məktəblinin lüğəti” adlı kitablar hədiyyə edilib.