15.05.2017

İntellektual  yarışmanın qalibləri mükafatlandırılıb

"Məktəblinin dostu" layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunun  final mərhələsi keçirilib.

Bilik yarışması şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə təşkil olunub.

Məktəblinin dostu" pilot layihəsinin tətbiq olunduğu təhsil müəssisələrində fevral, mart, aprel ayları ərzində intellektual oyunun məktəbdaxili mərhələsi keçirilib. 30 məktəb arasından bu mərhələni  uğurla adlayan komandalar finalda iştirak etmək hüququ qazanıblar.

NORM MMC-nin dəstəyi ilə “Badamdar Hotel Baku”da keçirilən final oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyasının sədri Balaş Qasımov çıxış edərək komandalara uğurlar arzulayıb.

İntellektual oyunun final mərhələsinin 3 turunu uğurla keçən Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin komandası qalib elan olunub. II və III yerləri isə müvafiq olaraq, Nərimanov rayonu T.Həsənov adına 57 nömrəli və Səbail rayonu 189-190 nömrəli tam orta məktəblərin biliciləri tutublar.

“Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev qalib komandaya kubok təqdim edib və komandanın hər bir üzvünə smartfonlar hədiyyə olunub. Digər qaliblər isə həvəsləndirici medal və sertifikatlarla təltif ediliblər.

 


Açar sözlər: