25.05.2017

Məktəblilər “Açıq qapı” günündə iştirak ediblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri Bakı Slavyan Universitetində təşkil olunan “Açıq qapı” günündə iştirak ediblər.

“İxtisas seçimi” layihəsi çərçivəsində “Açıq qapı” gününün təşkilində məqsəd məktəblilərin ixtisas seçiminə yardım etmək, müxtəlif ixtisaslar barədə şagirdlərin geniş məlumat almalarına şərait yaratmaqdan ibarətdir.

“Açıq qapı” günündə universitet rəhbərliyi və müəllimlərlə görüş zamanı şagirdlərə Bakı Slavyan Universitetinin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.

Daha sonra tələbələr şagirdləri ali məktəblə yaxından tanış ediblər.

Məktəblilər universitetdə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Onlar ali təhsil müəssisəsində yaradılmış muzeyə baş çəkib, idman və tədris zallarına baxıblar.

Sonda şagirdlərə Bakı Slavyan Universitetinin fəaliyyətindən bəhs edən kitab hədiyyə olunub.