26.05.2017

Paytaxt məktəbliləri Cocuq Mərcanlıya səfər edib

Mayın 25-də Bakı məktəbliləri “Məktəblinin dostu” və ASAN könüllüləri ilə birlikdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Səfər zamanı “Məktəblinin dostları” Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar.

Səfər çərçivəsində 28 May - Respublika Günü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində “Yaşa Azərbaycan!” adlı festival keçirilib.

Festival “ASAN Könüllüləri” Təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətləri, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb.

Festival zamanı “Məktəblinin dostları” düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüblər.

“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi 30 ümumi təhsil məktəbindən “Əsgərə məktub” layihəsi çərçivəsində məktəblilər tərəfindən yazılmış məktublar əsgərlərə təqdim olunub.

Səfərdə "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət carçısı” və “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı ilə şagirdlərin səhnələşdirdiyi Cəlil Məmmədquluzadənin “Poçt qutusu” tamaşası rayon ictimaiyyətinə nümayiş etdirilib.

Həmçinin, ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun “Vətən daşları” tamaşası səhnələşdirilib.

Sonra festival iştirakçıları “Bayraq Yürüşü”ndə iştirak ediblər. Festival rəngarəng konsert proqramı ilə başa çatıb.