27.05.2017

Respublika Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Belə ki, təhsil müəssisələrində 28 may-Respublika Gününə həsr olunan konfranslar, mühazirələr və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, fləşmoblar təşkil edilib.

Tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyəti barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin  ən  şərəfli səhifələrindən biri olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş şeirlər, mahnılar söyləyib və tarix üzrə biliklərini nümayiş etdirən intellektual viktorinalar keçiriblər.