27.05.2017

Müsahibəsiz və müsabiqəsiz

Müəllimlərin yerdəyişməsində onların sosial statusları ilə yanaşı, diaqnostik qiymətləndirmədəki nəticələri də nəzərə alınacaq

 

Xəbər verdiyimiz kimi, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsinin yeni qaydaları təsdiqlənib. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” adlanan həmin sənəddə bir sıra yeniliklər var. Daha çox yenilik isə müəllimlərin yerdəyişməsi ilə bağlıdır.
Qaydalarda göstərilib ki, Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsini mərkəzləşdirilmiş müsabiqə yoluyla həyata keçirir.

Qaydalar Azərbaycanda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində dəyişdirməsinə də imkan verir. Bu zaman müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır. 

 

Onlara iş yerini dəyişdirməyə icazə verilməyəcək

 

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Nazirlikdə baxıla bilər.

 

Nə müsahibə, nə də müsabiqə olacaq

 

Nazirin müvafiq əmrinə görə, müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla iyunun 15-dək yekunlaşmalıdır. Bu günlərdə başlayacaq proseslə bağlı “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov bildirib ki, proses qaydalara uyğun gedir: “Bildiyiniz kimi, əvvəllər iş yerinin bir rayondan digər rayona, yaxud rayon daxilində bir məktəbdən digər məktəbə dəyişdirilməsi yerli təhsili idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilirdisə, yeni qaydalara əsasən, həmin səlahiyyət artıq Təhsil Nazirliyinə aiddir. Yəni, müəllimlərin bir məktəbdən başqa məktəbə keçməsi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir”.

Yenilik yerdəyişmənin yerli təhsili idarəetmə orqanlarından alınıb Təhsil Nazirliyinin birbaşa səlahiyyətinə aid edilməsi ilə yekunlaşmır. Məsələ burasındadır ki, Təhsil Nazirliyi bu barədə qərarı verərkən, ötən il olduğu kimi, müəllimlərin müsabiqədə göstərdiyi nəticələrə əsaslanmayacaq. E.Bağırovun sözlərinə görə, iş yerini dəyişmək istəyən müəllim nə müsahibəyə cəlb olunacaq, nə də müsabiqədən keçəcək: “Hazırda Nazirlik tərəfindən proqram təminatı hazırlanır. Proqram təminatında hər bir namizəd öz sosial statusuyla bağlı qeydlər aparacaq. Öz iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandıracaq və ərizə ilə Təhsil Nazirliyinə müraciət edəcək. Həmin məlumatlar Nazirlikdə fəaliyyət göstərən İşçi Qrupda dəyərləndiriləcək və müvafiq qərar qəbul ediləcək. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınacaq. Yerdəyişmə ailə vəziyyəti, ya da səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə veriləcək. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, müəllimin akademik göstəriciləri, o cümlədən diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr nəzərə alınacaq. Digər yerdəyişmə, bir şəhər məktəbindən başqa şəhər məktəbinə yerdəyişmə də eyni qaydada - proqram təminatı vasitəsi ilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək”.

 

Ruhiyyə DAŞSALAHLI

Azərbaycan müəllimi