30.05.2017

Müsabiqənin qalibləri bəlli olub

“Sağlam təhsil” uşaq teatrı layihəsi çərçivəsində “Fəsillərin hikməti və ahəngi – Yaz” adlı sərgi-tamaşa müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi yaz fəslində şagirdlərin təbiətdə baş verən dəyişikliklərə yaradıcı yanaşmalarını stimullaşdırmaq, baharın əsrarəngiz gözəlliklərini hazırladıqları əl işlərində təsvir etməklə, estetik zövqlərini formalaşdırmaq, təfəkkürlərinin inkişafına kömək etmək, onlarda ətraf mühitə və canlılara mərhəmət, xeyirxahlıq kimi dəyərləri aşılamaqdan ibarətdir.

Müsabiqənin nəticəsinə əsasən, "Ən yaxşı tamaşa" nominasiyası üzrə Bakı şəhəri 18 nömrəli tam orta məktəbin "Yazın xəbərçisi" tamaşası I, 132-134 nömrəli Təhsil Kompleksinin "Yazın axtarışında" tamaşası II, 258 nömrəli tam orta məktəbin "Kiçik ayının nağılı" tamaşası III yerlərə layiq görülüb.

“Ən yaxşı əl işi" nominasiyası üzrə 214 nömrəli tam orta məktəbin şagirdi Zərifə Baxşalı I, 83 nömrəli tam orta məktəbin şagirdləri Nərmin İbrahimli və Nəzrin İbrahimli II, 62 nömrəli tam orta məktəbin şagirdi Səidə Qəmərlinskaya isə III yeri qazanıb.

Müsabiqə qaliblərinin mükafatlandırma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri, məktəb direktorları və valideynlər iştirak ediblər.

Tədbirdə “Sağlam təhsil” uşaq teatrı layihəsi haqqında geniş məlumat verilib və layihəyə dəstək olan bütün təşkilatlara minnətdarlıq edilib.