02.06.2017

Paytaxt məktəbliləri Milli Məclisdə olublar

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna seçilmiş paytaxt məktəbliləri Milli Məclisdə olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirə qatılıblar.  

Tədbirdə Milli Məclisin sədr müavini və komitə sədrləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçiləri, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi və şagirdlər iştirak ediblər.

Toplantıda məktəblilər “Sağlam nəslin formalaşması gələcəyimizin təminatıdır”, “Uşaqlar üçün bərabər imkanlar”, “Uşaqlara qarşı fiziki cəzalara son qoyaq”, “Asudə vaxt bizim üçün dəyərlidir”, “Müasir dövrdə uşaqların internet təhlükəsizliyi” mövzularında məruzə ediblər.

Tədbirdə, həmçinin, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətin uşaqlara göstərdiyi diqqət, qayğı və qarşıda duran vəzifələrdən söhbət açılıb.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan gənc nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılır.

Toplantı çərçivəsində Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin sonunda uşaq hüquqlarının müdafiəsi istiqamətində il ərzində keçirilən tədbirlərdə aktivlik nümayiş etdirən bir qrup şagird diplomlarla təltif olunub.


Açar sözlər: ,