02.06.2017

“Məktəblinin dostu” layihəsi çərçivəsində videoçarxlar

Məktəblinin dostu” layihəsi çərçivəsində müxtəlif qısametrajlı videoçarxlar hazırlanıb.

“Dost olmuşuq biz”, “Məktəblinin arzuları” və “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı videoçarxların hazırlanmasında əsas məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və müəllim-valideyn-şagird əlaqələrini genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır. Layihə çərçivəsində həyata keçirilən tədbirlər məktəb mühitinin daha maraqlı olmasına və məktəb-valideyn münasibətlərinin inkişafına yönəlib.

 


Açar sözlər: ,