07.06.2017

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb. Onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan dövlət məktəbəhazırlıq qrupunda təhsil almayan uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlanıb. Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. İyunun 7-də başlanmış proses iyunun 20-dək davam edəcək.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Valideynlər mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsabiqəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsabiqəyə dəvət olunduğu tarix və vaxt göstəriləcəkdir.

Dövlət ümumi təhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün isə valideynlər mektebeqebul.edu.az saytından müvafiq sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.


Açar sözlər: ,